SİYASƏT
ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Sentyabrın 17-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini general-mayor Aydın Qasımov ölkəmizdə rəsmi səfərdə olan NATO Parlament Assambleyasının Demokratik İdarəçilik üzrə Yardımçı Komitəsinin sədri cənab Firat Dayanıklının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
NATO-nun üzvü olan bir sıra Avropa ölkələri təmsilçilərinin daxil olduğu geniş tərkibli nümayəndə heyəti ilə Ədliyyə Nazirliyinin məsul işçiləri arasında səmimi və işgüzar dialoq şəklində keçirilən görüşdə qonaqları maraqlandıran suallar - Azərbaycanda demokratiyanın inkişafı, məhkəmə-hüquq islahatının nəticələri, insan hüquqlarının qorunması, transmilli cinayətkarlığa və terrorizmə qarşı mübarizə və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Ədliyyə nazirinin müavini general-mayor A.Qasımov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan demokratik islahatlardan, yeni məhkəmə sisteminin formalaşdırılmasından, penitensiar müəssisələrdə cəza çəkən məhkumların hüquqlarının təminatı və onların saxlanma şəraitnin yaxşılaşdırılması sahəsində görülmüş işlərdən danışmışdır.
Görüşdə transmilli cinayətkarlığa və terrorizmə qarşı mübarizə ilə bağlı bildirilmişdir ki, Azərbaycan xalqı uzun illərdir terrorizmdən əziyyət çəkir. Xüsusilə ötən əsrin əvvəllərində və sonunda minlərlə azərbaycanlı erməni terrorizminin qurbanı olmuşdur. Azərbaycanın tərkib hissəsi olan, lakin hazırda erməni işğalçılarının nəzarət etdiyi Dağlıq Qarabağın narkotik maddələrin Avropa ölkələrinə tranzit mənbəyinə, terror yuvasına çevrildiyi və bunun bəşəriyyət üçün böyük təhlükə olduğu vurğulanmışdır.
Azərbaycanda aparılan demokratik islahatların nəticələrini və beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirakını müsbət qiymətləndirən qonaqlar, ölkəmizin regionda sabitliyn və təhlükəsizliyin qorunmasında böyük rol oynadığını qeyd etmiş, səmərəli dialoqa, açıq və hərtərəfli fikir mübadiləsinə görə minnətdarlıqlarını bildirmişlər.