ELM VƏ TƏHSİL
ADNSU-da “Azercell Telekom” MMC-nin növbəti tələbə təqaüdü proqramına başlanılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azercell Telekom” MMC-nin 2018-2019-cu tədris ili üçün növbəti tələbə təqaüdü proqramına həsr olunan tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Azercell Telekom” MMC-nin fəaliyyəti, tələbə təqaüdü və təcrübə proqramları haqqında tələbələrə ətraflı məlumat verilib. Təqaüd proqramına müraciət qaydaları, seçim prosesi və proqramın üstünlükləri izah edilib.
Tədbirdə, eyni zamanda, proqramın bütün seçim mərhələlərindən uğurla keçən tələbələrin cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqları bildirilib. Qeyd edilib ki, tələbələr bu proqram çərçivəsində telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək şansı da əldə edəcəklər.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.