ELM VƏ TƏHSİL
ADNSU-da “Horizon-2020” Elmi-Tədqiqat və İnnovasiya proqramı çərçivəsində konfrans keçirilib VİDEO
Bakı, 15 sentyabr, Maqsud Dadaşov, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa İttifaqının (Aİ) “Horizon-2020” Elmi-Tədqiqat və İnnovasiya proqramı çərçivəsində konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsinin məqsədi ADNSU-nun bu proqrama qoşulması və əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Tədbirdə İsrail, Fransa, Macarıstan, Latviya, Ukrayna və Gürcüstandan olan ekspertlər, eləcə də ADNSU-nun və ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin nümayəndələri iştirak ediblər.
Konfransda “Horizon-2020” Elmi Tədqiqat və İnnovasiya proqramının Azərbaycanda İKT və Gələcəyin Qabaqcıl Texnologiyaları (FET) üzrə milli təmsilçisi, texnika elmləri namizədi Tofiq Babayev universitetdə layihələrə dəstək verdiyi üçün ADNSU-nun rəhbərliyinə minnətdarlığını bildirib. Proqram haqqında məlumat verən T.Babayev Aİ-nin bu kimi proqramlarının Azərbaycan tədqiqatçıları üçün böyük imkanlar açdığını diqqətə çatdırıb.
Konfransda “Horizon-2020”nin üstünlüklərindən danışan ADNSU-nun rektoru, professor M.Babanlı deyib: “Proqrama ev sahibliyi etmək bizim üçün çox əhəmiyyətlidir. Müxtəlif proqramların həyata keçirildiyi, xarici universitetlərlə elmi əməkdaşlığın qurulduğu bir vaxtda bu cür layihələrin üzərində işləmək vacibdir”.
Tədbirdə “Horizon-2020” Elmi-Tədqiqat və İnnovasiya proqramının müxtəlif ölkələrdən iştirakçıları olan ekspertlər təmsil etdikləri dövlətlərdə proqram çərçivəsində həyata keçirilən layihələrdən danışıblar. “Horizon-2020”nin beynəlxalq əməkdaşlıq layihəsi olduğunu diqqətə çatdıran ekspertlər bu proqramın bütün dünyada tətbiq olunduğunu söyləyiblər.
Konfrans sentyabrın 16-da işini başa çatdıracaq.
Qeyd edək ki, “Horizon-2020” - Aİ-nin Elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə səkkizinci çərçivə proqramı bu qitənin tədqiqat məkanında elmi axtarışların dəstəklənməsi və təşviqi üçün təşkilatın yeddiillik maliyyələşmə proqramıdır. Proqramın büdcəsi 80 milyard avro təşkil edir.