ELM VƏ TƏHSİL
ADNSU-da “İKT karyera trendləri” mövzusunda konfrans keçirilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) və Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə təşkil edilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “İKT karyera trendləri” mövzusunda konfrans keçirilib.
Tədbir nazirliyin tabeliyində fəaliyyət göstərən İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi və ADNSU-nun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru Mustafa Babanlı müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahənin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb. Rəhbərlik etdiyi ali məktəbdə müxtəlif layihələrin həyata keçirildiyini qeyd edən rektor, eyni zamanda, innovasiya həftəsinin əhəmiyyətindən və ölkədə innovasiyaların geniş yayılmasından danışıb.
İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov konfransın gənclər üçün əhəmiyyətindən və “Neuron” şirkətinin direktoru İsmayıl Ələkbərov innovasiya sahəsi üzrə yeni kadrlara ehtiyacdan ətraflı bəhs ediblər.
Sonra müasir dövr üçün zəruri olan peşələr haqqında təqdimatlar keçirilib. Konfrans müvafiq peşələr üzrə karyera imkanları və yeni texnologiya trendləri mövzularını əhatə edib. Dövlət orqanları və ayrı-ayrı təşkilatların, biznes strukturlarının nümayəndələri yeni informasiya texnologiyaları, kibertəhlükəsizlik, bulud texnologiyaları, “blockchain” və digər mövzularda təqdimatlarla çıxış ediblər.