ELM VƏ TƏHSİL
ADNSU-nun rektoru Strasburq Universitetinin vitse-prezidenti ilə görüşüb
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti, xarici tədqiqat və təlim əlaqələndiricisi, professor Filip Turek ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, Strasburq Universiteti ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) layihəsi üzrə ali məktəbin tərəfdaşıdır. Görüşdə UFAZ-ın idarəçilik və tədris məsələləri, görüləcək işlər və gələcək planlar müzakirə olunub. Tərəflər UFAZ-dakı tədris prosesi, müəllimlər, laboratoriyaların təşkili, maliyyə məsələləri, fransalı pedaqoqların tədrisə cəlb olunmaları, tədris planları və digər məsələlər ətrafında müzakirələr aparıblar.
Görüşdə növbəti tədris ilindən UFAZ-ın tələbələri üçün beynəlxalq standartlara cavab verən laboratoriyaların qurulması məsələsinə də toxunulub. ADNSU-nun rektoru, professor M.Babanlı fransalı professor və pedaqoqların UFAZ-a cəlb olunmalarının və növbəti ildən daha geniş müəllim heyətinin yığılmasının əhəmiyyətini Strasburq Universitetinin nümayəndəsinin diqqətinə çatdırıb.
Professor F.Turek UFAZ-da tədris prosesi və tələbələrin davamiyyəti ilə tanış olduğunu, azərbaycanlı tələbələrin bilik göstəricilərindən məmnun qaldığını bildirib.
Qeyd edək ki, UFAZ-da tədris prosesini müşahidə etmək məqsədilə hər ay Fransadan bir ekspert Azərbaycana ezam olunur. Ekspertlər universitetdəki dərs prosesi və cədvəlləri, müəllimlərin tədris metodlarını və digər prosesləri izləyir, cari məsələləri müzakirə edirlər.