ELM VƏ TƏHSİL
ADPU-da “Böyük Azərbaycan mütəfəkkiri Nizami” kitabının təqdimatı keçirilib
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filoloji linqvistika otağında “Böyük Azərbaycan mütəfəkkiri Nizami” kitabının təqdimatı keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, təqdimatda ilk olaraq kitabın müəllifləri - universitetin Filologiya fakültəsinin dekan əvəzi, beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, professor Elman Quliyev və AMEA-nın “Dədə Qorqud Mərkəzi”nin şöbə müdiri professor Seyfəddin Rzasoy kitab haqqında məlumat xarakterli çıxışlar ediblər.
Daha sonra ADPU-nun rektoru professor Cəfər Cəfərov, AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova, ədəbiyyatşünas-alim Vüqar Əhməd və başqaları çıxış edərək “Böyük Azərbaycan mütəfəkkiri Nizami” kitabının əhəmiyyətindən danışıblar. Belə bir nəfis tərtibatlı və elmi əhəmiyyətli kitabı ərsəyə gətirməklə müəlliflərin Azərbaycan Prezidenti İlham Əliyevin “Nizami Gəncəvi İli” ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsində vətəndaş və alim missiyalarının yerinə yetirilməsinin bariz nümunəsi kimi dəyərləndiriblər.