ELM VƏ TƏHSİL
ADPU-da tələbə-gənclərin “Gələcəyin qurucuları” adlı I Forumunun bəyannaməsi qəbul edilib
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Gənclər Fondunun maliyyə dəstəyi, ali məktəbin rəhbərliyinin və ictimai təşkilatların dəstəyi ilə gənc əməkdaş Sahil Qələndərovun layihəsi olan “Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu” çərçivəsində yekun müzakirələr keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi region və paytaxt gəncləri arasında əlaqə yaratmaq və daimi ideya mübadiləsini təmin edəcək “fikir körpüsü” qurmaq, həmçinin müasir dövrün tələblərini diqqətə çatdırıb, tələbə-gənclərə gələcək fəaliyyətləri üçün lazımi bilik və bacarıqlara yiyələnmələrində düzgün istiqamət göstərməkdir.
Tədbirdə layihə rəhbəri Sahil Qələndərov 3 ay ərzində Quba, Cəlilabad və Ağcabədidə keçirilmiş regional panellər və müzakirələrdə irəli sürülən təkliflər haqqında ətraflı məlumat verib.
ADPU-nun tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Taleh Mirzəyevin moderatorluğu ilə forumda “Sosial-ictimai fəaliyyətin gənclərin formalaşmasında rolu” bölməsi üzrə müzakirələr aparılıb. Bölmədə NAYORA sədri Məryəm Məcdiova, ATGTİ sədri Faiq Məmmədov, Azərbaycan Universiteti və Böyük Britaniyanın Qlazqo Universitetinin məzunu, Dövlət Gömrük Xidmətinin əməkdaşı Orxan Sultanov, ADPU-nun inzibati və iqtisadi işlər üzrə prorektoru, xaricdə təhsil üzrə dövlət proqramından Böyük Britaniyanın Liverpul universitetinin məzunu Ümid Mehdiyev, ADPU-nun və Avstraliyanın La Trobe Universitinin məzunu Nərgiz Sadıxzadə mövzu üzrə fikirlərini bölüşüblər.
“Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” bölməsində ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov və ümumi pedaqogika kafedrasının müəllimi, dosent Kəmalə Quliyevanın iştirakı ilə müzakirələr aparılıb.
Yekunda forumun regional mərhələsinin təşkilində yaxından iştirak edən filialların fəal gəncləri mükafatlandırılıb, bütün iştirakçılara sertifikat verilib.
Forum heyəti adından bəyannamə qəbul edilib və universitet rəhbərliyinə təqdim olunub.