ELM VƏ TƏHSİL
ADPU ilə Səlcuq Universiteti arasında anlaşma memorandumu və Mövlana protokolu imzalanıb
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyənin Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin və bu ali məktəbin professoru Alaattin Aköz ilə görüşüb.
Görüşdə iki universitet arasında anlaşma memorandumu və Mövlana protokolu imzalanıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, professor C.Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib. Bildirilib ki, 1921-ci ildə yaranan ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olub. Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan ADPU yaxın gələcəkdə 100 illik yubileyini qeyd edəcək. Rektor son illər ölkəmizdə dövlət səviyyəsində müəllim hazırlığının səviyyəsinin yüksəldilməsi və cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun artırılması üçün həyata keçirilən tədbirlərdən danışıb.
Professor M.Şahin Səlcuq Universiteti barədə məlumat verib. Bildirilib ki, 1975-ci ildən fəaliyyət göstərən universitetin 23 fakültəsi, 95 min tələbəsi var. Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan Səlcuq Universitetinin hər il 22 min məzunu olur, onlar dövlət və özəl sektorda uğurla çalışırlar. Universitet Səlcuq dövlətinin mədəni mirasını yaşadır.
Görüşdə ADPU ilə Səlcuq Universiteti arasında anlaşma memorandumu və Mövlana protokolu imzalanıb.
Anlaşma memorandumunda universitetlərin fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə elmi-tədqiqat işlərinin aparılması, layihə və proqramların icra edilməsi, müştərək beynəlxalq elmi konfransların, simpozium, sərgi və seminarların keçirilməsi və s. planlaşdırılır. Mövlana protokolunda isə iki universitet arasında müəllim-tələbə mübadiləsi nəzərdə tutulur.
C.Cəfərov və M.Şahin iki ali təhsil müəssisəsi arasında anlaşma memorandumunun və Mövlana protokolunun imzalanmasından məmnunluqlarını bildirib, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliklərini ifadə ediblər.