REGİONLAR
ADPU-nun Şəki filialına yeni qəbul olunmuş tələbələrin qeydiyyatı davam edir
Şəki, 22 avqust, Mustafa Dadaşov, AZƏRTAC
2019-2020-ci tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialına birinci kursa 9 ixtisas üzrə 260 tələbənin qəbulu planlaşdırılıb. Hazırda filialda yeni qəbul olunmuş tələbələrin qeydiyyata alınması prosesi davam edir. Avqustun 15-dən bu günədək 188 tələbə filialda yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə filialın direktoru vəzifəsini icra edən Nuralı Çələbiyev məlumat verib.
Bildirilib ki, filialın ayrı-ayrı ixtisaslarına yeni qəbul olunmuş tələbələrin keçid balları 202-660 arasında dəyişir. Tələbələrin qeydiyyatı avqustun 27-dək davam edəcək.
Şimal-qərb bölgəsinin elmi-mədəni mərkəzi kimi tanınan bu ali məktəbin əsası 1991-ci ildə qoyulub. 1991-2000-ci illərdə Bakı Dövlət Universitetinin, 2000-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun filialı adı ilə fəaliyyət göstərən bu ali təhsil müəssisəsi 2015-ci ilin noyabrından ADPU-nun tabeliyinə verilib.
Hazırda filialda 658 tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 98 nəfər professor-müəllim məşğul olur. Onlardan 3-ü elmlər doktoru, 19-u fəlsəfə doktoru, 36-sı baş müəllim, 40-ı isə müəllimdir.