ADP-ÇİLƏRİN İDDİALARININ HEÇ BİR ƏSASI YOXDUR
AzerTAg.az
Son günlər bəzi müxalifət qəzetlərində Rəsul Quliyevin sənədlərinin Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən leqallaşdırılmadığı haqqında yazılar dərc edilir. Yazılarda, həmçinin bildirilir ki, ADP-nin MSK-dakı nümayəndəsi komissiyaya Rəsul Quliyevin ABŞ qarşısında öhdəliklərinin olmadığı barədə dövlət katibi Kolin Pauellin guya şəxsən təsdiqlədiyi sənədi təqdim etmişdir.
Məsələyə aydınlıq gətirmək üçün, AZƏRTAC-ın müxbiri Azərbaycanın Vaşinqtondakı səfirliyinin konsulluq şöbəsinə müraciət etmişdir. Konsul Hüseyn Hüseynov bununla əlaqədar demişdir: “Daxil olan sənədlərin leqallaşdırılması onların həcmi və məzmunundan asılı olaraq bir neçə gün, həftə, hərdən isə ay çəkə bilər. Ümumiyyətlə, ABŞ-da verilən və Azərbaycan Respublikasında istifadə olunacaq bütün sənədlərdə (alqı-satqı ilə məşğul olmaq istəyənlərdən tutmuş, prezidentliyə namizəd olmaq istəyənlərin sənədlərinədək) dövlət katibinin adı və imzası olmalıdır. Bu ad və imza, adətən, dövlət katibi tərəfindən deyil, Dövlət departamentinin əməkdaşı tərəfindən qoyulur və yalnız müvafiq ştatın katibliyinin və notariusun möhürünü təsdiqləyir. Bununla yanaşı, xüsusi vurğulanır ki, Dövlət departamenti sənədin məzmununa görə məsuliyyət daşımır”.
ADP-çilər siyasi məqsədlər üçün müəyyən faktları və sənədləri özlərinə sərfəli şəkildə təqdim etməklə yanaşı, büsbütün yalan informasiya yaymaqla adamları çaşdırmaq məqsədi güdürlər. Lakin ABŞ kimi nəhəng ölkənin dövlət katibinin Rəsul Quliyevin sənədləri ilə məşğul olmasını iddia edənlər Azərbaycan seçicilərini o qədər də sadəlövh hesab etməməlidirlər.
Xəbərin mətnində orfoqrafik səhv var