ELM VƏ TƏHSİL
ADU Frankofoniya Universitet Agentliyinin Baş Assambleyasında təmsil olunub
Bakı, 22 may, AZƏRTAC
Frankofoniya Universitet Agentliyinin (FUA) assosiativ üzvü olan Azərbaycan Dillər Universiteti (ADU) Mərakeşdə keçirilən, FUA-nın XVII Baş Assambleyasında təmsil olunub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin Frankofoniya Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Gülnarə Sadıxova tədbirdə iştirak edib. Həmçinin Fransa, Belçika, İsveçrə, Kanada, Rumıniya, Meksika, Mərakeş, Tunis və Afrika qitəsində yerləşən bir çox ölkələrin universitetlərinin nümayəndələri tədbirə qatılıblar.
Assambleyada FUA-nın yeni strategiyasının müəyyənləşdirilməsi, fransız dili üzrə ixtisas alan tələbələrin professional həyata hazırlanması, buraya üzv olan universitetlərin daha da sıx əlaqəsini təmin etmək məqsədilə əlaqələndirmə işlərinin daha da mükəmməl təşkili, o cümlədən FUA-nın yeni prezidentinin - Sorin Mihai Cîmpeanunun seçilməsi məsələsi müzakirə olunub.
Qeyd edək ki, 106 ölkənin 817 universitet və elmi tədqiqat institutu ilə əməkdaşlıq edən FUA-nın dünyada 18 regional ofis və nümayəndəliyi var. Təşkilat yarandığı gündən fransız dilində elm və tədqiqat sahələri üzrə araşdırmalar aparan tələbə və müəllimləri dəstəkləyən əməkdaşlıq, mobillik proqramıdır.