ELM VƏ TƏHSİL
ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 29-cu ildönümü qeyd olunub
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümünə həsr olunmuş “Azərbaycan-Çin əlaqələri: tarix və müasirlik” mövzusunda onlayn seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov iki ölkə arasında əlaqələrin inkişafının əsas tarixi mərhələləri haqqında məlumat verib, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çinə Böyük İpək Yolu ilə bağlı iki çoxşaxəli əməkdaşlığın təməlini qoyan tarixi səfərindən danışıb.
R.Abbasov vurğulayıb ki, Azərbaycan Respublikası Avrasiyanın mərkəzində unikal geostrateji mövqeyə malikdir, ölkəmiz geniş infrastruktur imkanları, zəngin neft-qaz yataqlarının mövcud olması ilə əlaqədar “İpək Yolu iqtisadi zolağı” kimi qlobal layihənin həyata keçirilməsində mühüm regional mərkəz hesab olunur. Eyni zamanda, Azərbaycanın “İpək Yolu iqtisadi zolağı” layihəsinin həyata keçirilməsində fəal iştirakı sənaye istehsalı sahəsində, neft və qaz sektorunda, yüksək texnologiyaların inkişafında, infrastruktur və digər sahələrdə Azərbaycan-Çin əməkdaşlığını daha da genişləndirməyə imkan yaradacaq ki, bununla da ölkəmiz Çinin mühüm strateji tərəfdaşına çevriləcək.
1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuş Beynəlxalq “TRASECA – Tarixi İpək Yolunun Bərpası” konfransının keçirilməsi Azərbaycanın transavrasiya nəqliyyat layihələrində iştirakında mühüm mərhələ olub. Azərbaycanın “Bir kəmər, bir yol” proqramının həyata keçirilməsində fəal iştirakı, hər şeydən əvvəl, 2015-ci ilin dekabr ayında Prezident İlham Əliyevin Çinə tarixi səfəri ilə bağlıdır. Səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə “İpək Yolu iqtisadi zolağı”nın yaradılmasının daha da genişləndirilməsi barədə qarşılıqlı anlaşma istiqamətində memorandum imzalanıb.
Seminarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərlərinin videogörüntüləri nümayiş etdirilib.