ELM VƏ TƏHSİL


ADU-da Koreyaşünaslıq üzrə III Beynəlxalq Konfransın açılışı olub

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Koreyaşünaslıq üzrə III Beynəlxalq Konfransın açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Universitetin rektoru akademik Kamal Abdulla bildirib ki, beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Koreya, Özbəkistan və Rusiya olmaqla yeddi ölkədən nümayəndələr iştirak edirlər. Xalqlar arasında, dövlətlər arasında bu cür konfransların təşkili bir-birimizi daha yaxından tanımaq istiqamətində vacib vasitədir. Rektor konfransın təşəbbüskarı olan Türkiyənin Ərciyəs Universitetinin rəhbərliyinə təşəkkür edib.

Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq konfransın ölkəmizdə keçirilməsindən məmnun olduğunu bildirib: “Koreyaşünas tədris işçiləri və tələbələrin fədakarlığı və səyləri sayəsində Türkiyə daxil olmaqla, Mərkəzi Asiyanın türkdilli ölkələrində koreyaşünaslığın əhatə dairəsi genişlənib. Bu sahədə fəal tədqiqatlar və insan resurslarının inkişafı Mərkəzi Asiyada koreyaşünaslığın inkişafına töhfə verə bilər. Eyni zamanda, gələcək əməkdaşlıq imkanları müxtəlif sahələrdə, akademik müqavilə və əməkdaşlıq vasitəsilə dərinləşə bilər. Ümid edirəm ki, konfrans koreyaşünaslıq tədqiqatlarına dair mütərəqqi müzakirələrə səbəb olacaq və iştirakçılar davamlı olaraq Koreya dili və mədəniyyətinə maraq göstərəcəklər”.

Ərciyəs Universitetinin professoru Göksel Türközü təmsil etdiyi ali təhsil ocağında Koreya Araşdırmalar Mərkəzinin yaranma tarixindən danışıb, layihə haqqında məlumat verib. Qeyd edib ki, 2020-ci ildə universitetdə yaradılan Avrasiya-Koreya Araşdırmalar Mərkəzinin məqsədi Türkiyədə Koreya dilində araşdırmaları inkişaf etdirməkdir.

Sonda konfrans təşkilatçılarına, eyni zamanda, universitet rəhbərliyinə təşəkkürnamələr və diplomlar təqdim olunub.

Daha sonra bölmə iclaslarında müxtəlif mövzular üzrə çıxış və təqdimatlar olub.

Qeyd edək ki, konfrans martın 15-də öz işini başa çatdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.