ADU-da “Pakistan-Azərbaycan” kitabının təqdimatı olub
AzerTAg.az
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetində Pakistanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə nəşr olunmuş “Pakistan-Azərbaycan” kitabının təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, Pakistan-Azərbaycan münasibətlərini özündə əks etdirən kitabın təqdimatı dostluğun, qardaşlığın rəmzidir: “Biz bu dostluğu və qardaşlığı hər zaman hiss etmişik. Zəfər savaşında da dostluğumuz və qardaşlığımız özünü ən yüksək səviyyədə göstərdi. Azərbaycan bayraqları ilə yanaşı, şəhərimizdə Pakistan bayraqlarını da görmək olurdu. İndi də bu bayraq hər birimizin qəlbində dalğalanır”.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye “Pakistan-Azərbaycan” kitabının iki dost ölkənin münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Kitabın dizayneri Leyla Babazadə qeyd edib ki, nəşrin üz qabığında həm Pakistanın, həm də Azərbaycanın tarixi abidələrinin təsvirini görmək olar. Həmçinin hər iki ölkənin rəmzləri kitabın üz qabığında yer alıb.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli və digər çıxış edənlər kitabla bağlı fikirlərini bölüşüblər.





Xəbərin mətnində orfoqrafik səhv var