“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən Mərkəzin direktoru professor Sevinc Əliyeva və Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşdığını vurğulayıblar. Onlar, eyni zamanda, Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs etməklə mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Pərviz Seyidlinin müəllifliyi ilə səhnələşdirilən “Dünyanın ən gözəl dili” tamaşasından (Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında) Zəhrabəyim ananın və Gülbaharın monoloqları və şagirdlərin ifasında “Şuşanın dağları” mahnısı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.