ELM VƏ TƏHSİL
ADU-da imtahan sessiyasının təşkili normativ sənədlərə və beynəlxalq təcrübəyə əsaslanır
Bakı, 4 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) qış imtahan sessiyasına start verilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə rektor, akademik Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə fevralın 4-dək davam edəcək.
İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat, ehtiyac yarandığı halda əlavə vaxt ayrılmasının nəzərə alınması müəyyənləşdirilib.
Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi bildirilir. Həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlər görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda, sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək məqsədilə tələbə təşkilatlarının nümayəndələrinin imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulur.
Qeyd edək ki, ADU-da imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah fəaliyyət göstərir. Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.