ELM VƏ TƏHSİL


ADU-nun Konfutsi İnstitutunda tələbə seminarı: Şuşa, sən azadsan!

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Şuşa, sən azadsan!” adlı tələbə seminarı keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhərinin zəngin inkişaf yolu keçdiyini, şəhərin Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynadığını vurğulayıb. O, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib. R.Abbasov şəhərin inkişafına dair xüsusi qərarların məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edildiyini vurğulayıb.

Konfutsi İnstitutunda istehsalat təcrübəsi keçən Fəridə Həsənova strateji mövqeyi ilə seçilən Şuşanın Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qaldığını, işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidələrinin dağıldığını qeyd edib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının əzəmətindən də bəhs edib.

Seminarda ADU-da təhsil alan çinşünas tələbələr Azərbaycan və Çin mədəniyyətinin milli rəmzləri sayılan “Xarıbülbül” və “Bülbül və qızılgül” simvollarının özünəməxsusluğundan bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanda Qarabağ xanı İbrahimxəlil xanın qızı, şair Ağabəyim Ağa yaradıcılığında Xarıbülbülü tərənnüm edib. Qarabağı vəsf edən xalq mahnısı “Sarı bülbül” bu gün də məşhurdur. Azərbaycan milli geyimlərində və xalçaçılıq sənətində Xarıbülbül elementindən geniş şəkildə istifadə olunur.

Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.