ELM VƏ TƏHSİL
ADU-nun əməkdaşı Yaponiyada yay kursunda iştirak edib
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində Xarici dillər kafedrasının yapon dili müəllimi Xanım Xəlilova Yaponiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Yapon Fondu tərəfindən təşkil olunan və maliyyələşdirilən “Yapon dilini tədris edən müəllimlər üçün yapon dili tədrisi metodları proqramı”nın yay kursunda iştirak edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Yaponiyanın Saytama şəhərindəki Urava Beynəlxalq İnstitutunda həyata keçirilən proqramda 26 ölkədən 36 yapon dili müəllimi iştirak edib. Müəllimlər mühazirələrdə iştirak edib, yeni metodlar öyrənib, bir sıra layihələr hazırlayıblar. Onlar Yaponiyanın bir çox təhsil ocaqlarında dərs proseslərini müşahidə edib, proqramın sonunda isə beynəlxalq sertifikatlarla təltif olunublar.
Proqram çərçivəsində hər bir müəllim təmsil olunduğu universitet haqqında geniş məlumat verib. Xanım Xəlilova ADU və bu ali məktəbin nəzdindəki Yaponiya Araşdırmalar Mərkəzi haqqında təqdimatla çıxış edib.
Bundan əlavə, Yaponiyanın böyük şəhərlərinə ekskursiyalar təşkil olunub. Müəllimlər dil biliklərini dərinləşdirməklə yanaşı, Yaponiyanın mədəniyyəti, incəsənəti və digər sahələri ilə yaxından tanış olublar.