ELM VƏ TƏHSİL
ADU-nun pedaqoji təcrübədə olan tələbələri təqdimat keçiriblər
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Nizami rayon 210 saylı orta məktəbdə pedaqoji təcrübədə olan IV kurs tələbələri Təlimdə innovasiyalar kafedrasının metodisti Türkan Abbasovanın rəhbərliyi ilə 9, 10, 11-ci sinif şagirdlərinin ali məktəb seçimlərinə kömək məqsədilə təqdimat keçiriblər.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Təcrübəçi tələbə Səma Məmmədli şagirdləri universitetin yaranma tarixi, fəxri məzunları, fakültə və ixtisasları, mübadilə proqramları, beynəlxalq layihələri və dil mərkəzləri barədə məlumatlandırıb.
Digər təcrübəçilər - Həmidə Həmidova və Esmira Hüseynli isə tələbə həyatı, universitet daxilində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və onların nəzdində olan klublar, həmçinin universitetin Tələbə Elmi Cəmiyyəti haqqında ətraflı məlumat veriblər.