İQTİSADİYYAT
“ADY Express” şirkətinin nümayəndələri beynəlxalq konfransda iştirak edib
Bakı, 18 sentyabr, AZƏRTAC
Batumidə “Argus Mineral Gübrələr 2021. MDB, Xəzər və Qara dəniz hövzələri ölkələrinin bazarları” adlı beynəlxalq konfransı keçirilib. Konfransda “ADY Express” MMC-nin şirkətinin nümayəndələri də iştirak ediblər.
MMC-dən AZƏRTAC-a bildirilib ki, tədbir geniş beynəlxalq auditoriyanı bir araya gətirib. Pandemiya ilə əlaqədar uzun müddət ərzində ilk dəfə olaraq müxtəlif şirkətlərin nümayəndələri müxtəlif ölkələrdən olan iş ortaqları ilə kommersiya məsələlərini bir yerdə həll edərək fərdi ünsiyyət qurmaq, mövcud və yeni gübrə tədarükçüləri ilə görüşmək imkanı əldə etdilər.
Proqram çərçivəsində müxtəlif mövzularda müzakirələr aparılıb: Beynəlxalq gübrə bazarındakı vəziyyət, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi hövzələri ölkələrində karbamid bazarı, Orta Asiya və Xəzəryanı ölkələrin bazarları, Orta Asiyadan olan gübrə istehsalçıları üçün əsas satış bazarları. Mineral gübrələr bazarının böhran və çaxnaşma şəraitində sabitliyi qoruduğu qeyd edilib. Bölgə ölkələrindən olan istehsalçılar yeni istehsal müəssisələrini istifadəyə verməyə davam edirlər. Ticarət məhsullarının həcminin artması Xəzər regionunda və Qara dəniz sahillərində yeni vaqonların, yükləmə məntəqələrinin və yükləmə kompleksləri kimi bütün nəqliyyat infrastrukturunun tutumunun artırılmasına ehtiyac yaradır.
“ADY Express” şirkətinin nümayəndələri müzakirələr, görüşlər və işgüzar danışıqlar çərçivəsində, Asiya-Avropa marşrutu üzrə Azərbaycanın dəmir yolları ilə mineral gübrələrin daşınması imkanları barədə tərəfdaşları məlumatlandırıblar və həmçinin bu növ malların Azərbaycan ərazisindən daşınması ilə bağlı ətraflı danışıqlar aparıblar.
Qeyd edək ki, konfransda 20-dən çox ölkədən, Xəzər və Qara dəniz bölgələrindən, MDB ölkələrindən və Avropadan 150-dən çox şirkətin nümayəndəsi iştirak edib.
Xatırladaq ki, Xəzər-Qara dəniz regionunda ilk “Argus gübrə konfransı” 2019-cu ilin mart ayında Bakıda keçirilib. Konfrans ölkəmizdə karbamid zavodunun fəaliyyətə başlaması ilə eyni vaxta təsadüf edib.