AFFADA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, dekabrın 14-də AFFA-nın iqamətgahında qurumun prezidenti Ramiz Mirzəyevin iştirakı, “Exo” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin Azərbaycan futbolu haqqında fikir və təkliflərinə dair dəyirmi masa keçirilmişdir.
AFFA prezidenti 18-dək müxtəlif KİV nümayəndələrinin təkliflərini dinləyərək, ona ünvanlanan sualları cavablandırmışdır. Tədbirdə ən çox uşaq futbolu məsələsi müzakirə olunmuşdur. R.Mirzəyev uşaq futbolunun inkişafı üçün xüsusi mexanizmin yaradılmasının vacibliyini vurğulayaraq, bunun üçün müəyyən işlərin görüldüyünü, lakin onun kütləviliyinin daha da artırılmasının zəruriliyini nəzərə çarpdırmışdır. O, Gənclər, İdman və Turizm, Təhsil nazirliklərini, habelə, futbol klublarını bu işdə fəal iştirak etməyə çağırmışdır.
Hakimlərlə bağlı məsələyə toxunan AFFA prezidenti bu sahədə çətinliklərin mövcud olmasına baxmayaraq, müəyyən irəliləyişin hiss edildiyini də diqqətə çarpdırmışdır.
R.Mirzəyev son zamanlar bəzi mətbuat orqanlarında gedən böhtan dolu yazılara da münasibətini bildirərək, belə hallara son qoyulmadığı təqdirdə onların AFFA-nın keçirdiyi tədbirlərə buraxılmayacağı barədə xəbərdarlıq etmişdir.
Yığma komanda ilə bağlı məsələyə aydınlıq gətirən R.Mirzəyev yeni təyin olunmuş baş məşqçi Şahin Diniyevlə birillik müqavilə bağlandığını və ona böyük ümidlər bəsləndiyini söyləmişdir. Yığmanın hələ də öz bazasının olmadığını bildirən R.Mirzəyev gələcəkdə komanda üçün dəniz səviyyəsindən 1400 metr hündürlükdə yeni bazanın tikintisinin nəzərdə tutulduğunu açıqlamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var