İDMAN
AFFA-nın “Zirə” futbol klubu ilə bağlı UEFA-ya müraciəti müsbət cavablandırılıb
Bakı, 30 mart, AZƏRTAC
“Zirə” futbol klubu 2017-2018-ci il mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) lisenziyalaşdırma qrupunun bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə “Fair Play” qaydalarında əks olunmuş tələbə əsasən, bu qurumun klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Bu qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl üç il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. Lisenziyalaşdırma mövsümü olaraq, UEFA-nın klub yarışlarının mövsümü nəzərdə tutulur. UEFA-nın klub yarışlarının növbəti mövsümünə 2017-ci ilin iyununda start verilir.
Bildirilib ki, Premyer Liqa yarışlarında çıxış edən “Zirə” futbol klubu 2014-cü il iyulun 18-də təsis olunub və birinci divizionda çıxış etməyə başlayıb. Ötən mövsüm gümüş medallara sahib olmuş və idman nəticələrinə əsasən UEFA-nın klub yarışlarında iştirak etmək hüququnu qazanmış “Zirə” futbol klubu yuxarıda qeyd edilən qaydada həmin müddətdən az fəaliyyətdə olduğu üçün UEFA lisenziyasını ala bilməyib. Qeyd olunduğu kimi, UEFA-nın klub yarışları mövsümünün iyunda başlaması və “Zirə” futbol klubunun 2014-cü ilin iyulunda təsis olunması nəzərə alınaraq, “Zirə” futbol klubunun növbəti mövsümədək olan fəaliyyəti UEFA qaydalarına əsasən üç ildən az hesab olunur.
Bütün qeyd olunanları nəzərə alaraq, AFFA bu məsələdə “Zirə” futbol klubuna istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq, həm AFFA, həm də “Zirə” futbol klubu tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. Bu il martın 29-da UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Zirə” futbol klubu 2017-2018-ci il mövsümündə UEFA lisenziyasının almaq hüququna malikdir.
UEFA-nın qərarı “Zirə” futbol klubunun avtomatik UEFA lisenziyası alması anlamına gəlmir. “Zirə” futbol klubu növbəti mövsüm üçün UEFA lisenziyasının alınması məqsədilə lisenziyalaşdırma qaydalarında əks olunmuş bütün mütləq tələbləri yerinə yetirməli və bunu təsdiq edən sənədləri AFFA-nın lisenziyalaşdırma qrupuna təqdim etməlidir.
2017-2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya üçün müraciət etmiş klublarla bağlı qərarlar 2017-ci ilin mayında AFFA-nın lisenziya komissiyası tərəfindən veriləcək.