SİYASƏT
ƏFQANISTAN HÖKUMƏTİ PAKİSTANDAN ÜZR İSTƏMİŞDİR
AZƏRTAC “Əfqan İslamik Press” agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Xarici İşlər Nazirliyi iyulun 8-də Pakistanın Kabildəki səfirliyinə basqin edən nümayişçilərin əməllərinə görə Pakistandan üzr istəmişdir. İki ölkə arasında ixtilafa Əfqanıstan tərəfinin belə bir ittihamı səbəb olmuşdur ki, Pakistan əsgərləri Əfqanıstan ərazisinə keçərək, orada nəzarət məntəqəsi qoymuşlar. Pakistan-Əfqanıstan sərhədində iki ölkənin orduları arasında silahlı toqquşma baş verir və bu, ötən bazar günü şiddətlənərək, qarşılıqlı artilleriya zərbələri ilə nəticələnmişdir. Bundan sonra Pakistanın səfirliyi yaxınlığında etiraz nümayişi keçirilmiş və iştirakçılar diplomatik nümayəndəliyin binasına soxularaq, onu qarət etmişlər.