İQTİSADİYYAT
AĞSUDA DAHA BİR KONSERV ZAVODU İŞƏ DÜŞDÜ
Prezident seçkiləri ərəfəsində Ağsu şəhərində ikinci konserv zavodu işə salınmışdır. Uzun fasilədən sonra “Ağsu konserv-1” Açıq Səhmdar Cəmiyyətində əsaslı təmir işləri qısa müddətdə başa çatdırılmış, avadanlıq təzələnmiş və müəssisə məhsul qəbuluna hazır vəziyyətə gətirilmişdir.
Səhmdar cəmiyyətindən müxbirimizə bildirmişlər ki, ilin sonunadək zavod nəinki Ağsu rayonunun, eləcə də respublikamızın digər bölgələrinin fermerlərindən 6 min tonadək meyvə qəbul edəcəkdir. Burada hələlik nar, alma, heyva, çaytikanı, itburnu şirələri və qatılaşdırılmış məhsullar istehsal olunacaqdır.
Yaxın vaxtlarda müəssisəyə İsveçdən və Almaniyadan müasir avadanlıq gətiriləcəkdir. Zavodun məhsulları həm də xarici bazarlara çıxarılacaqdır.
Gələn ilin mayında müəssisədə məhsul istehsalı layihə gücü səviyyəsinə çatdırılacaqdır. Burada tomat pastası, cem, mürəbbə də hazırlamaq nəzərdə tutulur. Yaxın gələcəkdə müəssisədə işləyənlərin sayı 6 dəfə artacaqdır.