İQTİSADİYYAT
ƏHALİNİN MAVİ YANACAQLA TƏMİNATININ YAXŞILAŞDIRILMASI ÜÇÜN TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Səhmdar cəmiyyətinin sədri Əlixan Məlikov jurnalistlərə bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yanacaq-energetika siyasətinin uğurla davam etdirilməsi nəticəsində ilin əvvəlindən qaz hasilatı xeyli artmış, Azərbaycan Prezidentinin tapşırığı ilə cari ilin əvvəlindən ölkəmizin təbii qazla fasiləsiz təminatı üçün bir sıra tədbirlər görülmüşdür.
Yanacaq-enerji balansında nəzərdə tutulduğu kimi, 2006-cı ildə 6 milyard 521 milyon kubmetr qaz təhvil alınacaqdır ki, bunun da 4,4 milyard kubmetri əhalinin tələbatının ödənilməsinə yönəldiləcəkdir. “Mərkəzi Azəri” və “Çıraq” platformasından hasil edilən səmt qazı da Səngəçal terminalı vasitəsilə “Azəriqaz”a verilir. Bu il həmin sistemlə 1,5 milyard kubmetrə qədər qaz alınacaqdır. Rusiyadan alınacaq qazın qiyməti iki dəfə bahalaşsa da, bu il əhaliyə satılacaq mavi yanacağın qiyməti qaldırılmayacaqdır. Rusiyadan ötən il 4,5 milyard kubmetr, bu ilin 4 ayında isə 1,8 milyard kubmetr qaz idxal edilmişdir.
Bildirildi ki, ötən payız-qış mövsümü ərəfəsində yeraltı qaz anbarlarına 1 milyard 24 milyon kubmetr qaz vurulmuşdu. Bu 1991-ci ildən bəri ən yüksək göstərici idi. Aprelin əvvəlində anbarlarda 200 milyon kubmetr istifadə olunmamış qaz qalmışdı. Artıq yeraltı anbarlara payız-qış mövsümü üçün ehtiyat qaz vurulmasına başlanmışdır. Bu il anbarlara 1 milyard 30 milyon kubmetr qaz vurulması nəzərdə tutulur. 2 yeraltı qaz anbarının tutumu 1,3 milyard kubmetrdir. Azərbaycan Prezidentinin tapşırığı ilə bu, 3 milyard kubmetrə çatdırılacaqdır. Qaradağda 2 qaz kompressor stansiyası da quraşdırılacaqdır. Hollandiyalı mütəxəssislərin iştirakı ilə texniki-iqtisadi əsaslandırma layihələri hazırlanmışdır. Bu layihənin həyata keçirilməsi üçün xarici banklardan 30 milyon ABŞ dolları həcmində kredit alınması nəzərdə tutulur.
Əhaliyə satılan qazın haqqının ödənilməsində ciddi problemlər olduğunu bildirən Ə.Məlikov dedi ki, 2005-ci ilin yekununa görə yığım 23 faiz, bu ilin yanvarında 16, fevralda 21,1, martda 24,1, apreldə isə 31,5 faiz olmuşdur. İmişli, Sabirabad, Qax, Zaqatala, Balakən, Zərdab, İsmayıllı, Saatlı və bir neçə digər rayonda yığımın səviyyəsi 50 faizi, Bakının Nəsimi, Yasamal, Nizami rayonlarında 40 faizi keçsə də, qalan rayonlarda bu göstərici aşağı olaraq qalmaqdadır. Martın 1-dən respublikanın 40 rayonunda, aprelin 1-dən isə Bakı və Sumqayıtda, Abşeron rayonunda qazın haqqı yalnız banklar və poçt şöbələri vasitəsilə ödənilir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu il 500 min qaz sayğacının quraşdırılması nəzərdə tutulur. Ümumiyyətlə, hazırda cəmi 395 min abunəçi sayğacla təmin edilmişdir. Sayğacların tam quraşdırılması gələn il başa çatdırılacaqdır.
Bu ilin qışınadək Lerik və Yardımlıya da qaz veriləcəkdir. Bunun üçün bütün texniki-iqtisadi əsaslandırma, layihələndirmə işləri başa çatdırılmış, magistral kəmərlər çəkilmişdir. Naxçıvan Muxtar Respublikasına qaz nəqlinin bərpası layihəsinin 2-ci mərhələsi üzrə həyata keçirilən işlərə dövlət büdcəsindən 8,7 milyon manat vəsait ayrılmışdır. Bütünlükdə isə buna 29,2 milyon manat sərf edilməsi nəzərdə tutulur. Azərbaycan və İran prezidentləri arasında əldə edilən razılaşmalara müvafiq olaraq, artıq İrandan ölkəmizə 1 milyard kubmetr qaz idxalına imkan yaradan texniki layihələndirmə işləri başa çatmışdır. Alınacaq qaz ilk növbədə Əli Bayramlı DRES-in yanacağa olan tələbatının ödənilməsinə sərf ediləcəkdir. Naxçıvana verilən qazın həcmi də ilbəil artacaqdır.
Ə.Məlikov bildirdi ki, bu ilin ötən rübündə SC büdcəyə 6,6 milyon manat ödəmişdir. Alınmış xarici kreditlərin və faiz dərəcələrinin ödənməsində heç bir problem yoxdur.
Sonra SC-nin sədri və məsul nümayəndələri jurnalistləri maraqlandıran suallara da cavab verdilər.