İDMAN


AIBA Beynəlxalq Olimpiya Komitəsi ilə işləməyə hazırdır

Bakı, 1 dekabr, AZƏRTAC

Beynəlxalq Boks Assosiasiyası (AIBA) Olimpiya Oyunları proqramında boksun statusunun bərpası üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə işləməyə hazırdır. AZƏRTAC xəbər verir ki, AIBA-nın başçısı Qafur Rəhimovun bəyanatında belə deyilir.

Daha əvvəl BOK 2020-ci ildə boks turnirinin Tokio Olimpiya Oyunlarının proqramından çıxarılmasını qərara alıb. AIBA barəsində araşdırma başlayandan sonra qəbul edilən bu qərar həmin qurumun fəaliyyətinin dayandırılmasına gətirib çıxara bilər. Belə ki, AIBA-nın idarəçilik, maliyyə və antidopinq məsələlərinə həsr olunmuş məruzəsi BOK-u razı salmayıb. Təşkilat hakimlik və antidopinq sahəsində AIBA-nın inkişafa nail olduğunu etiraf edib, amma qeyd edib ki, maliyyə, idarəçilik və etika sahələri, o cümlədən Rəhimovun AIBA-nın başçısı vəzifəsinə təyin olunması hələ də suallar doğurur, çünki funksionerə ABŞ Maliyyə Nazirliyinin sanksiyaları tətbiq edilib və o, beynəlxalq cinayətkar şəbəkə ilə əlaqədar olmaqda şübhəli bilinir.

Q.Rəhimov deyib: “Hərtərəfli iş apardığına görə BOK İcraiyyə Komitəsinə təşəkkür edirəm. Əmin etmək istəyirəm ki, AIBA problemlər müşahidə olunan bütün sahələrdə nöqsanları aradan qaldırır. AIBA Olimpiya hərəkatına və Olimpiya dəyərlərinə həmişə sadiq qalıb. Mən ilə ABŞ hakimiyyət orqanları arasında yaranmış vəziyyətə gəldikdə, mənimlə çalışan hüquqşünaslar durumu düzəltmək üçün hər cür səy göstərirlər. O ki qaldı AIBA-nın maliyyə durumu ilə bağlı məsələlərə, Olimpiya Komitəsindəki dostlarımızı əmin edirəm ki, xərclər xeyli azaldılandan, yeni sponsorlar cəlb olunandan, yarışlarımıza etibarlı şəhərlərin ev sahibliyi etməsi təmin olunandan və əvvəlki tərəfdaşlarla danışıqlardan sonra biz böyük tərəqqiyə nail olmuşuq.

Beynəlxalq Olimpiya Komitəsi AIBA-nın fəaliyyətini araşdırmaq üçün BOK İcraiyyə Komitəsinin üzvü, Dünya Güləş Birliyinin başçısı Nenad Laloviçin başçılığı ilə xüsusi komitə yaradıb. AIBA-nın başçısı deyib: “Nenad Laloviçin komissiyası ilə işləməyə başlamağı və bütün məsələlərin nəzərdən keçirilməsini səbirsizliklə gözləyirik ki, Tokio Olimpiadasına tammiqyaslı hazırlıq işlərinə qayıda bilək”.

2020-ci ilin Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi barədə qəti qərar BOK-un 2019-cu ildə Lozannada nəzərdə tutulan növbəti sessiyasında qəbul ediləcək.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.