ELM VƏ TƏHSİL
Aİİ-də “Gözəl Quran oxuma” müsabiqəsi təşkil olunub
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığlı ilə “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqədə institutun ilahiyyat fakültəsinin tələbələri iştirak ediblər. Münsiflər heyətində ilahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev və institutun baş müəllimi Ənvər Mustafayev təmsil olunublar.
Tədbiri açan Aİİ-nin rektoru Ceyhun Məmmədov ali tədris müəssisəsinin istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Müsabiqənin əhəmiyyətini vurğulayan C.Məmmədov tələbələrin bilik səviyyələrini, bacarıq imkanlarını nümayiş etdirmələri baxımından müsabiqə və bilik yarışlarının xüsusi rol oynadığını bildirib.
Sonra ilahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənclərə tövsiyələrini verib, müsabiqənin şərtləri haqqında ətraflı danışıb. Müsabiqənin tələbələrə təcrübə qazanmaq imkanı verdiyini, onlara gələcəkdə geniş auditoriya qarşısında çıxış etmək fürsəti yaratdığını vurğulayıb.
“Gözəl Quran oxuma” müsabiqəsində birinci yerə IV kurs tələbəsi Ruslan Məmmədov, ikinci yerə III kurs tələbəsi Mirzəli Ağamirzəzadə, üçüncü yerə IV kurs tələbəsi Elvin Rəcəbov layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb və iştirakçılara sertifikatlar təqdim edilib.