İDMAN
AİJF ilə “Azərbaycan İdman Könüllüləri” İB arasında memorandum imzalanıb
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, federasiyanın ofisində keçirilən imzalanma mərasimində çıxış edən federasiya prezidenti Qabil Mehdiyev hər iki təşkilatın yeni yaranmasına baxmayaraq, son bir ildə səmərəli fəaliyyətləri ilə etimadı doğrultmağa çalışdıqlarını vurğulayıb. Rəhbərlik etdiyi qurumun fəaliyyəti və gələcək planları barədə məlumat verən Q.Mehdiyev “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi ilə əməkdaşlığın hər iki təşkilat üçün faydalı olacağına əminliyini ifadə edib.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə bu təşkilatın ölkəmizdə idman könüllülərinə duyulan ehtiyacdan yarandığını qeyd edib. O, son vaxtlar bir sıra idman qurumları ilə əməkdaşlığı genişləndirdiklərini bildirərək, təşkilatın sıralarında mindən artıq könüllünün birləşdiyini bildirib.
Sonda Qabil Mehdiyev və Miraqil Seyidzadə memorandumu imzalayıblar.