CƏMİYYƏT
“AİM - ASAN İnkişaf Modeli” layihəsi başa çatıb
Bakı, 17 may, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatı və “AccessBank”ın birgə təşkilatçılığı ilə həyata keçirilən “AİM - ASAN İnkişaf Modeli” layihəsi başa çatıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər.
“AİM” sosial proqramının əsas məqsədi regionlarda təhsil alan şagirdlərin tənqidi və tətbiqi düşünmək bacarıqlarını, o cümlədən yaradıcı, məntiqi təfəkkürünü inkişaf etdirməkdir.
Sosial proqram çərçivəsində aprelin 4-dən indiyədək 7 bölgədə görüşlər baş tutub, 2000-dən çox şagirdə prioritet ixtisaslar, özünü inkişaf, psixoloji mövzularda təlimlər keçirilib, iştirakçıların sualları cavablandırılıb, həmçinin fəal məktəblilərə hədiyyələr təqdim edilib.
Proqram Bakı, Şirvan, Sabirabad, Masallı, Cəlilabad, Qəbələ və İsmayıllıda 9-11-ci sinif şagirdlərini əhatə etməklə, bir neçə hissədə təlim-seminarlar şəklində keçirilib.
Layihə müasir və innovativ texnoloji yeniliklər, “Facebook”, “İnstagram”, “Twitter” kimi böyük sosial şəbəkələrdən faydalı istifadə və dünya trendlərinə düzgün qoşulma mövzularını əhatə edib.
Qeyd edək ki, “AİM” sosial proqramı gələcəkdə respublikamızın digər regionlarında da həyata keçiriləcək.