SİYASƏT
AKADEMİYADA PREZİDENT HEYDƏR ƏLİYEVİN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin anadan olmasının 80 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan milli təhlükəsizlik orqanları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə MTN Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə açmış, Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarındakı fəaliyyətinə dair geniş məruzə ilə çıxış etmişdir. O, Azərbaycanın siyasi həyatında 30 ildən çox aparıcı rol oynayan Heydər Əliyevin cətin və keşməkeşli ömür yolundan, tarixi xidmətlərindən söz açmışdır.
Ölkəmizin rəhbəri Heydər Əliyevlə birgə DTK-da çalışdığı 1952-1969-cu illəri bir daha xatırlayan natiq, dövlətimizin başçısının intellektual səviyyəyə malik olmasından, öz peşəsinə vurğunluğundan, tələbkarlığından, geniş dünyagörüşündən, əməliyyat işinin incəliklərinə yaxşı bələd olmasından, tabeçiliyində olanlara qarşı göstərdiyi diqqət və qayğıdan danışmış, 1993-cü ildən xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli Liderimizin müstəqillik illərində əldə etdiyi nailiyyətlərin danılmaz olduğunu bildirmişdir. Qeyd etmişdir ki, məhz Heydər Əliyevin rəhbərliyi altında vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılmış, dövlət çevrilişi cəhdlərinin qarşısı alınmış, hakimiyyət böhranına son qoyulmuş, müstəqilliyimiz qorunub saxlanılmış, dövlətçilik ənənələri bərpa və inkişaf etdirilmişdir.
Konfransda pedaqogika və psixologiya kafedrasının rəisi, filologiya elmləri doktoru Cəlal Qasımovun “Heydər Əliyev Azərbaycanın təhlükəsizliyinin keşiyində”, tədris şöbəsinin rəisi, texnika elmləri namizədi Vaqif Qasımovun “Müstəqil dövlətimizin təhlükəsizliyinin təminatçısı olan milli kadrların hazırlanmasında Heydər Əliyevin rolu”, sərhəd qoşunları taktikası kafedrasının rəisi Yunus Şirinovun “Heydər Əliyev müstəqil Azərbaycanın dövlət sərhədlərinin təhlükəsizliyinin təminatçısıdır”, MTN əməkdaşı Lətif Babayevin “ Heydər Əliyev Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal iştirakının təminatçısıdır”, Konstitusiya hüququ kafedrasının baş müəllimi, hüquq elmləri namizədi Ceyhun Qaracayevin “Heydər Əliyevın müstəqil Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının formalaşmasında rolu” mövzularında çıxışları dinlənilmişdir.
Çıxışlarda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın qəsbkarlıq və dövlət terrorizmi siyasətinin ifşa olunması üçün ardıcıl tədbirlər görüldüyü vurğulanmışdır. Bildirilmişdir ki, ölkəmizin tərəqqisi, sabitliyin qorunub saxlanması və beynəlxalq birliyin bərabərhüquqlu üzvünə çevrilməsi Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir.
Konfrans iştirakçıları həyatının bir hissəsini təhlükəsizlik orqanlarında xidmət kimi çətin və şərəfli işə həsr etmiş Heydər Əliyev məktəbinin şanlı ənənələrinə və mənəvi dəyərlərinə həmişə sadiq qalacağını, Prezident seçkilərində Heydər Əliyevə səs verəcəklərini bildirmişlər.