SİYASƏT
ALMANİYADA FƏALİYYƏT GÖSTƏRƏN AZƏRBAYCANLI TƏLƏBƏLƏR VƏ ELMİ İŞÇİLƏR BİRLİYİ FORUM KEÇİRƏCƏKLƏR
Bakı, 25 may (AZƏRTAC). Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi (ATEİB) Qerolştayn şəhərində mayın 28-dən 30-dək üçgünlük forum keçirəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, “Almaniyada yaşayan azərbaycanlı tələbələr və elmi işçilər ili” adlı forumun birinci günü Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) həsr olunacaqdır. Cümhuriyyətin qurucuları haqqında məlumat veriləcək, tariximizin bu şanlı səhifəsi ilə bağlı fikir mübadiləsi aparılacaqdır.
Tədbirin ikinci günündə Almaniyada təhsil, iş, karyera imkanları, inteqrasiya və digər mövzularda tələbə və doktorantların məruzələri dinləniləcək, gələcək layihələr haqqında diskussiyalar aparılacaqdır. Almaniya vətəndaşları olan həmyerlilərimiz öz təcrübələrini bölüşəcəklər.
Forumun sonuncu günündə ATEİB-in birillik fəaliyyəti barədə hesabat dinləniləcək, idarə heyəti yenidən formalaşdırılacaqdır. Seçiləcək yeni idarə heyəti isə növbəti illərin iş planını təsdiqləyəcəkdir.
Xatırladaq ki, ATEİB Almaniyanın Frayberq şəhərində 2009-cu ilin yanvarında rəsmi qeydiyyatdan keçmişdir. Birliyin rəsmi saytı www.vasw.de Azərbaycan və alman dillərində fəaliyyət göstərir.