DÜNYA
ALMANİYANIN FEDERAL KANSLERİ TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR
Fevralın 23-də Almaniyanın federal kansleri Gerhard Şröderin Ankaraya rəsmi, işgüzar səfəri başlamışdır. Qeyd edək ki, Almaniyadan bu səviyyədə yüksək vəzifəli şəxs son dəfə 11 il bundan əvvəl Türkiyəni ziyarət etmişdir. Hazırda Almaniyada 2 milyondan çox türk vətəndaşı yaşayır. Türkiyə Avropa Birliyi üzvlüyünə namizəddir. Bütün bunlara görə Almaniyanın federal kanslerinin Ankaraya səfəri xüsusi əhəmiyyət daşıyır. Səfərin ilk günü Türkiyənin Baş naziri ilə federal kanslerin görüşü olmuşdur.
Görüşdən sonra onlar yerli və xarici jurnalistlər üçün bəyanatla çıxış etmişlər. Gerhard Şröder Türkiyədə keçirilən siyasi və iqtisadi islahatların əhəmiyyətindən danışmışdır.
Kipr ilə əlaqədar müzakirələr prosesində Ankaranın müsbət mövqeyini vurğulayan qonaq Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində Almaniyanın dəstəyini nəzərə çarpdırmışdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2004-cü ilin dekabr ayında Avropa Birliyinin Türkiyənin üzvlüyü ilə əlaqədar müzakirələrə başlayacağına ümidvar olduğunu bildirmişdir.
Danışıqlar zamanı bir sıra regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.