DÜNYA
ALMANİYANIN UZUNÖMÜRLÜ VƏTƏNDAŞININ 111 YAŞI VARDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın ən qocaman uzunömürlü vətəndaşı Herman Dönemanın 111 yaşı tamam olmuşdur. O, Düsseldorf şəhərində yaşayır, özü özünə qulluq edir, gümrahdır, həyətyanı sahəsində təsərrüfat, gündəlik həyatında isə məişət işləri ilə sərbəst məşğul olur. Döneman hökumətin və mətbuatın onun 111 yaşı münasibətilə təşkil etmək istədiyi təmtəraqlı tədbirlərin keçirilməsinə etirazını bildirmiş, ad gününü 80 yaşlı qızı, nəvəsi və iki nəticəsi ilə birlikdə ailə çərçivəsində qeyd etmişdir. O, KİV-lərə yalnız onu bildirmişdir ki, 19-cu əsrin sonunda dünyaya göz açanda artıq çoxdan dünyasını dəyişmiş kayzer II Vilhelm gənc zabit imiş.
Uzunömürlü Döneman çox yaşamaq istəyənlərə belə bir “resept” də təklif etmişdir ki, idman gənclikdə insana sağlamlıq gətirsə də, onu atan idmançı tezliklə dünyasını dəyişir. Deməli, idman ölüm deməkdir. Onun fikrincə, çox yaşamaq istəyənlər təsərrüfatda, məişətdə gündəlik işlərini mütəmadi olaraq yerinə yetirməli, siyasətdən uzaq gəzməli, hər gün norma olaraq bir şüşə köhnə pivə və təbii vitamin kimi qaynadılmış kartofun həlimini içməlidirlər. Qoca demişdir: “Bu mənim idmanım və həyat cövhərimdir. Buna ciddi əməl etməklə mən hələ çox yaşamaq arzusundayam”.