DÜNYA
ALMANİYA MÜHAFİZƏKAR MÜXALİFƏTİ TÜRKİYƏNİNAVROPA BİRLİYİNƏ DAXİL OLMASI BARƏDƏ REFERENDUMKEÇİRİLMƏSİNİ TƏKİD EDİR
Almaniyanın mərkəzi televiziyası - ZDF-də bəyanatla çıxış edən XDB-nin Baş katibi Anqela Merkel və XSB-nin sədri, Bavariyanın Baş naziri Edmund Ştoyber “Türkiyənin Avropaya coğrafi məkan yaxınlığı yoxdur, onun AB-yə inteqrasiyası Avropa standartlarına cavab verməyəcək. Türkiyənin digər qitəyə daxil olması məsələsi alman xalqının, o cümlədən AB üzvü olan 25 ölkənin xalqlarının referendumundan keçməlidir”, deyə qəti şəkildə tələb etmişlər.
Mühafizəkarların bu tələbi Almaniyada bu məsələyə dair iqtidar və müxalifət münasibətlərindəki ənənəvi gərginliyi bir az da artırmışdır. Federal kansler Gerhard Şröder mühafizəkarlara birmənalı cavab olaraq bildirmişdir ki, “Almaniya hökuməti Türkiyənin AB-yə inteqrasiyasına işıqlı yol arzulamışdır. Bu ölkənin AB-yə inteqrasiya yolunda həyata keçirdiyi uğurlu demokratik islahatlar təkzibedilməzdir və Avropa standartlarına cavab verir”.
Xarici siyasət idarəsinin başçısı Yoşka Fişer isə “alman xalqını və Avropanın digər xalqlarını Türkiyənin AB-yə daxil olması ilə bağlı ziddiyyətli müzakirələrə cəlb etmək istəyənlər öz səhlənkar populizmlərinə son qoysalar, pis olmaz”, deyə xəbərdarlıqla bildirmişdir.
XDB-XSB liderlərinin Türkiyənin AB-yə daxil olmasına qarşı yönəldilmiş növbəti destruktiv cəhdləri Almaniyada məskunlaşmış türk icmasının da içərisində çaşqınlıq yaratmış, onların ciddi etirazına səbəb olmuşdur.