CƏMİYYƏT
ALMANİYA VƏTƏNDAŞI “ƏL-QAİDƏ” İLƏ ƏLAQƏDƏ İTTİHAM OLUNUR
“Əl-Qaidə” təşkilatının üzvü olan 26 yaşlı fələstinli terrorçu Almaniyanın Düsseldorf səhər məhkəməsində ifadə verərkən bildirmişdir ki, milliyyətcə alman olan G.Kristian “Əl-Qaidə”nin fəallarından biridir. O, Kristianla Almaniyanın Vuppertal şəhərində dəfələrlə görüşdüyünü, sonralar onu Əfqanıstanda Üsəma bin Ladenlə dəfələrlə məsciddə birlikdə gördüyünü, onun terrorçuların mərkəzində kompüter əlaqələndiricisi olduğunu, Qəndəharda birgə təlimlər keçdiklərini etiraf etmişdir.
Məhkəmə prosesi sentyabrın 1-dək təxirə salınmışdır. Səbəb isə budur ki, Səudiyyə Ərəbistanından qaçarkən Parisdə həbs olunan G.Kristianı Fransanın ədliyyə orqanları “Əl-Qaidə”nin fəal üzvü kimi, Tunisin Cerba adasında yəhudi sinaqoqunu partladaraq 21 turistin, o cümlədən 14 almanın həyatına qəsd etməkdə ittiham edirlər.
Almaniya ədliyyə orqanları bildirirlər ki, Kristian “Əl-Qaidə” terrorçuları ilə əlaqədə ittiham edilən ilk alman vətəndaşıdır. Fransadan Almaniyaya qaytarılmasından sonra sentyabrda başlayacaq məhkəmə prosesində ondan islamçı terroristlərə qoşulan digər avropalı həmkarlarının adlarını öyrənmək cəhdləri davam etdiriləcəkdir.