DÜNYA
ALMANLAR ORTA ƏSRLƏRDƏ TİKİLMİŞ, İÇƏRİSİNDƏ QİYMƏTLİ YÜK OLAN GƏMİ TAPMIŞLAR
Bakı, 15 may (AZƏRTAC). Almaniya sahillərində orta əsrlərdə qərq olmuş gəmi aşkar edilmişdir. Gəmidəki qara misdən ibarət yük, demək olar ki, toxunulmamış vəziyyətdə qalmışdır. Bu tapıntı Baltik dənizinin qədim ticarət yollarını öyrənməkdə alimlərə kömək edəcəkdir.
Uzunluğu 30 metr olan gəmi təsadüfən - Federal Dəniz Gəmiçiliyi və Xəritəçəkmə İdarəsinin əməkdaşları Ryugen adası yaxınlığında ölçmə işləri apararkən aşkar edilmişdir. Gəminin yükü diametri 90 sm və qalınlığı 5 sm olan mis külçələrdən ibarətdir.
Meklenburq – Ön Pomeraniya əyalətinin aparıcı arxeoloqu Detlef Yantsen sevinclə deyir: “Bu, əla tapıntıdır”.
Tarixçilərin fikrincə, gəminin suya qərq olması 1400-cü ildən 1600-cü ilə qədər olan dövrdə baş vermişdir.
Almaniyada çıxan “Die Welt” qəzetinin şərhçilərinin fikrincə, bu tapıntı əsl sensasiyadır, çünki Baltik dənizində orta əsrlərdən bəri salamat qalmış, xüsusən içərisində metal yük olan gəmilər nadir hallarda tapılır. İndi alimlər bir şeyi başa düşməyə çalışırlar. Necə olmuşdur ki, bu gəmini qarət etməmişlər. O, haradan gəlib, haraya və nə məqsədlə gedirmiş? Arxeoloq Yens-Peter Şmidt deyir: “Bu maraqlı tapıntı həmin dövrə aid ticarət yollarının mənzərəsini bərpa etməyə imkan verəcəkdir”.
Gəminin dəqiq harada olması açıqlanmır. Yalnız bunu bildirirlər ki, gəminin gövdəsi suyun dərin qatlarındadır. Tapıntının müəllifləri indiyə qədər sanki möcüzə sayəsində salamat qalmış yükü qarət edə biləcək “qara sualtı arxeoloqlar”dan ehtiyat edirlər.
Şverin muzeyində dənizin dibindən qaldırılmış bir neçə mis külçə nümayiş etdirilir. Yaxın gələcəkdə ekspedisiya təşkil etmək və gəminin qəzaya uğradığı yerdə hərtərəfli tədqiqatlar aparmaq nəzərdə tutulur.