İDMAN


AMADA-nın direktoru Avropa Şurasının işçi qrupunun sədr müavini seçilib

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini seçilib.

AMADA-dan AZƏRTAC-a bildiriblər ki, bu barədə qərar Avropa Şurasının Antidopinq Konvensiyası üzrə monitorinq qrupunun Buxarestdə keçirilən 50-ci iclasında qəbul edilib.

“İnsan hüquqları və idmançılar” qrupunun tərkibinə sədr, sədr müavini və səkkiz ölkənin nümayəndələrindən ibarət üzvlər daxildir. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Şurasının digər təşkilatlarının nümayəndələri də qrupun tərkibinə daxil ediləcəklər. Əlavə olaraq, Avropa İttifaqı, UNESCO və Ümumdünya Antidopinq Agentliyi (WADA) müşahidəçi qismində öz nümayəndələrini təyin edəcək.

Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının səmərəli müdafiəsi, onların ədalət mühakiməsinə maneəsiz çıxışı, insan hüquqlarının idmanda dopinqə qarşı mübarizədə qorunması və bu sahədə digər sənədlərin və təkliflərin hazırlanmasıdır.

Həmçinin Ş.Hüseynli WADA üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 46-cı iclasında da iştirak edib. Bu görüşdə müzakirə edilən əsas məsələlərdən biri mayın 14-də Monreal şəhərində keçiriləcək WADA-nın növbəti prezident seçkisinə hazırlıq olub.

Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.