SİYASƏT
ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
Fevralın 11-də Moskvada Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə Rusiya Dövlət Dumasının Millətlərin işləri komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sənədə uyğun olaraq, ÜAK və Komitə hüquq siyasəti sahəsində sıx qarşılıqlı fəaliyyət göstərəcəklər. Məsələn, sazişdə deyilir ki, Komitə sosial-iqtisadi və milli-mədəni əməkdaşlıq problemlərinə dair qanunvericilik aktlarının layihələrini Konqresə göndərəcək, ÜAK-ın əməkdaşlarını və ekspertlərini planda nəzərdə tutulan tədbirlərin hazırlanmasına və keçirilməsinə cəlb edəcək, soydaşlarla bağlı hüquqi məsələlərin həllində Konqresin fəaliyyətinə yardım göstərəcəkdir. Bundan əlavə, ÜAK RF-nin dövlət milli siyasətinin qanunvericilik bazasının təkmilləşdirilməsində, regionlarda etnik-siyasi şəraitin aşkarlanmasında, araşdırılmasında və müzakirəsində, miqrasiya siyasətinin hüquqi cəhətdən tənzimlənməsinə dair məlumat bazası yaradılmasında iştirak edəcək, habelə milli siyasət sahəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlətlərarası münasibətlərinin inkişafına kömək göstərəcəkdir.
Əməkdaşlıq haqqında sazişi ÜAK-ın prezidenti Məmməd Əliyev və Millətlərin işləri komitəsinin sədri Valentin Nikitin imzalamışlar.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev bu hadisənin əhəmiyyətini qiymətləndirərək demişdir ki, belə bir sazişin imzalanması milli siyasətin tənzimlənməsi sahəsində iki dövlətin əməkdaşlığının başlanğıc mərhələsidir. Səfirin fikrincə, bu sənədin əsas prinsiplərinin həyata keçirilməsi bir çox etnomilli problemləri həll etməyə imkan verəcək və hər iki dövlətin istədiyi müsbət nəticələr əldə olunmasına gətirib çıxaracaqdır. İndi gücü Azərbaycanda da, Moskvada da hiss edilən çoxsaylı Azərbaycan diasporu Rusiya üçün böyük köməkdir, Rusiya iqtisadiyyatının inkişafına sanballı töhfə verir. Səfir vurğulamışdır ki, bu sənədin imzalanması və həyata keçirilməsi Rusiyadakı Azərbaycan diasporunun üzərinə böyük məsuliyyət qoyur.
İmzalanma mərasimində yolüstü Moskvada olan Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev iştirak edirdi. O, çıxışında demişdir ki, Rusiya yüz minlərlə azərbaycanlı üçün evə çevrilmişdir və son vaxtlar hakimiyyət dairələrinin Azərbaycan diasporu ilə dialoqunun güclənməsi meyli müşahidə olunur. Hakimiyyət strukturlarının Konqreslə əməkdaşlığı, şübhəsiz, öz səmərəli nəticələrini verəcəkdir.
Mərasimdə Dövlət Dumasının Mİllətlərin işləri komitəsinin sədri V.Nikitin, ÜAK-ın prezidenti M.Əliyev, “Rusiya Xalqları Assambleyası” ictimai təşkilatının sədri R.Abdulatipov və başqaları da çıxış etmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva