ELM VƏ TƏHSİL
AMEA NAXÇIVAN BÖLMƏSİNİN BİR YAŞI VAR
AZƏRTAC-ın müxbirinin - Ötən müddətdə bölmədə hansı işlər görülüb – sualına cavab olaraq AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev demişdir:
Ötən müddətdə bölməmizdə 6 elmi tədqiqat institutu, tarix, etnoqrafiya və arxeologiya, incəsənət, dil və ədəbiyyat, Bioresurslar və təbii ehtiyatlar, Batabat astrofizika rəsədxanası və əlyazmalar fondu yaradılmışdır. Bölmə əməkdaşlarından iki nəfər doktorluq dissertasiyasını müdafiə etmiş, daha 4 nəfər əməkdaşımız doktorluq, 6 nəfər isə namizədlik dissertasiyalarını tamamlamış və yaxın günlərdə müdafiə edəcəkləri nəzərdə tutulmuşdur.
Bölməmizdə hələlik 170 nəfər elmi əməkdaş, texniki heyət fəaliyyət göstərir.
Bioresurslar institutunun tərkibinə daxil olan “Nəbatət bağı”ndan və “Şornav” deyilən ərazidən tədqiqat işlərinin aparılması üçün institut əməkdaşlarına hər cür şərait yaradılmışdır. Vaxtilə su çatışmamazlığı ucbatından Nəbatət bağında bir sıra nadir bitki və ağaclar tələf olmuşdur.
Muxtar Respublika Ali Məclisi sədrinin göstərişi ilə indi “Nəbatət bağı” yenidən qurulur. Bu ərazidə yeni subartezian quyusunun işə düşməsi hesabına xeyli abadlaşdırma işi aparılmışdır.
“Şornav” ərazisində Bioresurslar İnstitutunun50 hektarlıq təcrübə sahəsində 205 növ buğda sortu və formaları, 2 növ çay tikanı, 46 növ üzüm, tumlu və çəyirdəkli meyvə və giləmeyvələrin müxtəlif növləri yetişdirilir, onların genefondu yaradılır.
İnstitut əməkdaşları müxtəlif meyvə və bitkilərdən olan qoz, yemişan, itburunu, sarıçiçək, darçın, tərxun, kəklikotu, boymadərə, moruq, pişik nanəsindən 14 adda ekstratlar, gövhərlər, yağlar, sular alırlar.
Bölməmizlə Moskva vilayəti Elektroqorsk şəhərində yerləşən “EKO-lat” Elm İstehsalat Birliyi arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə görə alınmış ekstratların, yağların, gövhərlərin və suların həmin birliyə satışı nəzərdə tutulmuşdur.
Bir il bundan öncə ölkə başçısı möhtərəm Heydər Əliyevin sərəncamı ilə yaradılmış Naxçıvan bölməsi təkcə Naxçıvanda deyil, bütövlükdə respublikada elmin inkişafına təkan verəcəkdir.