ELM VƏ TƏHSİL
AMEA YT Parkın rezidentlərinin layihəsi SOCAR-ın Elm Fondunun qrant müsabiqəsinin qalibi olub
Bakı, 27 yanvar, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidentləri “Elm və Texnologi¬ya¬lar Parkı” MMC və Təcrübə-Sənaye Zavodunun “Quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqini apara bilən çoxfunksiyalı multikopter tipli dronların işlənilməsi” adlı birgə layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun qrant müsabiqəsinin qalibi olub.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, layihə neft-qaz sahəsi obyektlərinin monitorinqi prosesini effektli və sürətli aparmaq üçün robotexnikanın imkanlarından istifadəni nəzərdə tutur.
Robotexnikalar arasında multikopterlər istifadə imkanlarına görə əsas yerlərdən birinə sahibdir. Bu kimi texnikalar vasitəsilə böyük sahələrin qısa zamanda monitorinqini həyata keçirmək mümkündür. Neft-qaz sahəsi obyektlərinin yanğın təhlükəsi xüsusi riskli obyektlər siyahısına daxil olması, həmçinin neft və qazın yerin dərin qatlarından əldə edilməsi zamanı xammalın radon tipli radioaktiv qazlar ilə birgə yer səthinə çıxması ehtimalı həmin obyektlərin təhlükə riskini artırır. Bu isə həmin sahələrdə daimi monitorinqin aparılmasını əsaslı tələb edən amillərdən hesab olunur.
Multikopterlər üzərinə müxtəlif təyinatlı qurğuları inteqrasiya etməklə monitorinq prosesini bir qurğu üzərindən bir neçə istiqamətdə həyata keçirmək olar. Neft-qaz sahələrinin termal müşahidə kameraları vasitəsilə yanğın təhlükəsinin baş verdiyi və ya baş verə biləcəyi ərazilərin və həmin sahələrin müəyyən hündürlükdən radiasiya monitorinqini həyata keçirmək mümkündür.
Qeyd edək ki, SOCAR-ın Elm Fondunun qrant müsabiqəsi AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə elan edilib. Müsabiqəyə təqdim olunan 76 layihədən 25-i qalib elan olunub.