ELM VƏ TƏHSİL
AMEA-da innovativ polimerlər üzrə Azərbaycan–İtaliya elmi seminarı keçirilir
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda innovativ polimerlər üzrə Azərbaycan-İtaliya elmi seminarı öz işinə başlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarı giriş sözü ilə açan AMEA-nın vitse–prezidenti, müəssisənin direktoru, akademik Dilqəm Tağıyev hazırda iki ölkənin siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu və Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin getdikcə yüksəldiyini diqqətə çatdırıb. Bildirib ki, İtaliyanın “Maire Technimont” şirkəti SOCAR ilə bir sıra layihələrin reallaşmasında, o cümlədən Sumqayıt etilen-propilen zavodunun və neft emalı zavodunun yenidən qurulmasında əməkdaşlıq edir. Son illərdə iki ölkə arasında elmi əlaqələr güclənib, AMEA ilə İtaliya Milli Tədqiqatlar Şurası arasında əməkdaşlıq sazişi imzalanıb, birgə tədqiqat proqramları elan edilib. Bu əməkdaşlıq çərçivəsində institut İtaliya Milli Tədqiqatlar Şurası ilə birgə tədqiqat işləri aparıb.
Akademik qeyd edib ki, innovativ polimerlər üzrə Azərbaycan–İtaliya elmi seminarı Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Bu cür seminarların keçirilməsi kimya sahəsində əlaqələrin gücləndirilməsi baxımından önəmlidir.
Seminarda İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun direktor əvəzi, professor Luigi Ambrosionun “Gələcək sağlamlıq üçün mütərəqqi biomateriallar və texnologiyalar”, həmin təşkilatın elmi tədqiqatçısı Maria Grazia Rauccinin “Sümük regenerasiyası və bərpası üçün iynələnə bilən terapevtik materiallar”, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi Şamo Tapdıqovun “Xitozan - tibdə bioaktiv molekulların mükəmməl daşıyıcısı kimi” mövzularında məruzələri dinlənilib və məruzələr ətrafında geniş müzakirələr aparılıb.
AMEA-nın Polimer Materialları, Neft–Kimya Prosesləri, Fizika və Biofizika institutlarının alim və mütəxəssislərinin iştirak etdikləri seminar işini aprelin 9-da yekunlaşdıracaq.