ELM VƏ TƏHSİL
AMEA əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc edilib
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və bu elmi müəssisənin baş mütəxəssisi Oqtay Ələkbərovun həmmüəllif olduqları “Mobil hesablama buludlarında istifadəçi tələblərinə uyğun virtual maşınların seçilməsi alqoritmləri” adlı məqalə nüfuzlu “International Journal of Computers & Technology” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə mobil bulud texnologiyalarının üstünlükləri və istifadə vaxtı meydana çıxan problemlər təhlil edilib, “iyerarxik” strukturlu modul hesablama buludların ikinci səviyyəsində “cloudletlər” əsasında yaradılan şəbəkə infrastrukturu analiz olunub. Eyni zamanda, “bum” texnologiyalarından istifadə etməklə mobil avadanlığın hesablama və yaddaş resurslarına olan tələbatın təmin edilməsi məsələləri araşdırılıb.
“International Journal of Computers & Technology” jurnalı “Google Scholar”, “Crossref”, “Citefactor”, “WorldCat”, “Jifactor”, “Scribd” kimi elmi bazalarda indeksləşir və referatlaşdırılır.