ELM VƏ TƏHSİL


AMEA-nın Botanika İnstitutu Türkiyə Milli Botanika Bağı ilə əməkdaşlıq edəcək

Bakı, 16 sentyabr, AZƏRTAC 

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Milli Botanika Bağının bir qrup əməkdaşı Mühərrəm Cihan, Özləm Mavi İdman və Mərvə Yılmaz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya üzrə elmlər doktoru Vahid Fərzəliyevlə görüşən qonaqlar əməkdaşlıq əlaqələrinin qurulması perspektivlərini müzakirə ediblər.

Görüşdə Validə Əlizadə Botanika İnstitutunun elmi tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Qonaqlar institutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar. Onlara Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi üzrə aparılan fəaliyyət haqqında məlumat verilib.

Türkiyəli mütəxəssislər yüksək kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üçün geniş imkanlar olduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.