ELM VƏ TƏHSİL
AMEA-nın Dendrologiya İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib
Bakı, 25 fevral, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Xocalı hadisələri zamanı xüsusi qəddarlıqla qətlə yetirilmiş soydaşlarımızın və torpaqlarımız uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov erməni qaniçənlərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə törətdikləri amansız qətliamın Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğunu vurğulayıb.
Bildirilib ki, dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva bildirib ki, Ermənistan terror üzərində qurulmuş dövlətdir, onun başında duran insanlar isə hərbi cinayətkarlardır. Beynəlxalq hüquq normalarına əsasən hərbi cinayətkarlar məhkəmə qarşısında cavab verməlidirlər. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalı məqsədilə törədilmiş soyqırımı hadisələri heç zaman unudulmayacaq və Azərbaycan əsgərinin şücaəti ilə ərazi bütövlüyümüz təmin olunacaq.
Tədbir Xocalı soyqırımı haqqında sənədli filmin nümayişi ilə başa çatıb.