ELM VƏ TƏHSİL
AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib
Bakı, 20 may, AZƏRTAC
AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva iclasın gündəliyi barədə məlumat verib. Gövhər Baxşəliyeva Azərbaycanın tarixi və əzəli torpağı olan Zəngəzurun və bu mövzunun ölkəmiz, milli mənafeyimiz üçün hər zaman aktual olduğunu söyləyib.
Tədbirdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlının “Zəngəzur bölgəsi tarixdə və tarixşünaslıqda” mövzusunda məruzəsi dinlənilib. Nailə Vəlixanlı əzəli torpağımız olan Zəngəzuru ermənilərin əsassız şəkildə öz adlarına çıxmaları baxımından Azərbaycanın qədim və orta əsrlər dövrünün daha dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Akademik bu istiqamətdə işlərin səmərəliliyini artırmaq məqsədilə qədim dilləri öyrənən mütəxəssislərin yetişdirilməsini xüsusilə qeyd edib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Akademik Gövhər Baxşəliyeva Rəyasət Heyətinin “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” müvafiq qərarın icra vəziyyəti haqqında İctimai Elmlər Bölməsinin müəssisələrində həyata keçirilən işlərdən söz açıb, bununla bağlı tapşırıq və tövsiyələrini verib.
İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb. Bölmənin müəssisələrində çalışan əməkdaşların məqalələrinin “Vikipediya”da yerləşdirilməsi haqqında məsələ geniş müzakirə edilib.
AMEA Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyev “Vikipediya”nın tələblərinə cavab verən məqalələrin yazılmasının vacibliyini vurğulayıb. O, tezliklə kitabxanada bir həftəlik “Vikipediya” təlimlərinin keçiriləcəyini söyləyib və bölmənin müəssisələrinin əməkdaşlarını təlimlərdə iştiraka dəvət edib.
İclasda müzakirəyə çıxarılan növbəti məsələ “Sosial elmlər” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilməsi haqqında olub. Gövhər Baxşəliyeva jurnalın fəaliyyətini daha da təkmilləşdirmək, beynəlxalq reytinqini gücləndirmək istiqamətində həyata keçirilən bütün tədbirlərin aktual olduğunu vurğulayıb.