ELM VƏ TƏHSİL


AMEA-nın İqtisadiyyat İnstitutu ölkəmizdə iqtisad elminin inkişafında əhəmiyyətli rol oynayır

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu ölkəmizdə elmin, iqtisadiyyatın, insan kapitalının inkişafında özünəməxsus rol oynayır. 1958-ci il aprelin 14-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılan İnstitut fəaliyyətə başladığı dövrdən ölkəmizdə iqtisad elminin inkişafına mühüm töhfələr verib.

Bu sözləri İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, İnstitut 61 il ərzində bir sıra konsepsiyaların, Dövlət proqramlarının və strategiyalarının hazırlanmasında və icrasında iştirak edərək iqtisadiyyatımızın inkişafına öz töhfələrini verib. Buna nümunə kimi son illərdə əldə olunan fundamental elmi nailiyyətlər arasında dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə səviyyəsinin ölçülməsi metodologiyasını göstərmək olar. Bu ölçmə ölkələrdə həyata keçirilən iqtisadi islahatların nəticələrinin dəyərləndirilməsinə imkan verir.

A.Muradov bildirib ki, hazırda institutun əməkdaşları bir sıra Dövlət proqramlarının icrasında fəal şəkildə cəlb olunub. Əməkdaşlarımız “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamının icrası istiqamətində yaradılan işçi qruplarının tərkibində müvafiq tapşırıqların icrasında yaxından iştirak edirlər. Həmin proqram və konsepsiyaların icrasında iştirak etməklə yanaşı, institut tərəfindən iqtisadiyyatın bir çox sahələrini əhatə edən tədqiqatlar da aparılır. Hazırda 2019-2021-ci illər üçün “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması” istiqamətində fundamental və tətbiqi tədqiqatların aparılması planlaşdırılır.

İnstitut İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika, Vergilər nazirlikləri, Dövlət Statistika Komitəsi və digər dövlət qurumları ilə əməkdaşlıq qurub. Qrant müsabiqələrində də yaxından iştirak edən institut 2008-2018-ci illərdə 20-yə yaxın qrant və ödənişli sifarişi yerinə yetirib.

“İqtisadiyyat İnstitutunda elmi müzakirələrin aparılması məqsədilə yaradılan “Kreativ iqtisadiyyat”, “Gənc alimlər” və “Doktorantlar” diskussiya klubları səmərəli fəaliyyət göstərir. Bu elm mərkəzi Azərbaycan iqtisad elminin beynəlxalq səviyyədə tanıdılması üçün dünyanın bir sıra ölkələri, o cümlədən Çin, Türkiyə, Rusiya, Finlandiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan ilə sıx əlaqələr qurub.

İnstitutda həm tədqiqatların keyfiyyətinin yüksəldilməsi, həm də institutlaşma istiqamətində islahatlar aparılır. Əsas məqsəd plan üzrə həyata keçirilən elmi-tədqiqatların nəzəri səviyyəsini və praktik əhəmiyyətini yüksəltmək, dövlət idarəetmə qurumları ilə daha səmərəli əməkdaşlıq qurmaq, Azərbaycan iqtisad elmini beynəlxalq səviyyədə tanıtmaq, xarici elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığı gücləndirmək, əlavə maliyyə vəsaitləri hesabına əməkdaşların rifahını yaxşılaşdırmaq, kadr potensialını gəncləşdirmək və gücləndirməklə gələcəkdə institutu dövlətin iqtisadi “beyin mərkəzi”nə çevirməkdir.

Təbii ki, bunun üçün daha çox iş görülməlidir. İnanıram ki, İqtisadiyyat İnstitutu qarşısına qoyduğu hədəfə çatmaq üçün daha çox əzmkarlıq göstərəcək və Azərbaycanda iqtisad elminin və iqtisadçılarının nüfuzunun yüksəldilməsinə nail olacaq”, - deyə direktor müavini bildirib.

Xatırladaq ki, İqtisadiyyat İnstitutunun direktoru hər il aprelin 14-nün müəssisədə İnstitut Günü kimi qeyd olunması haqqında əmr imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.