ELM VƏ TƏHSİL


AMEA-nın Kimya Elmləri Bölməsi hesabat verib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra alimlər AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan elmi müəssisələrdə aparılan tədqiqat işlərindən və əldə olunan mühüm nəticələrdən danışıblar.

İclasda Kimya Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair məlumat verilib. Bildirilib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illərdə Dövlət Proqramı” üzrə müvafiq işlər həyata keçirilib.

Diqqətə çatdırılıb ki, ötən il elmi müəssisələrdə 12 problemə aid 43 mövzu üzrə tədqiqat işi aparılıb və 2 mövzu tamamlanıb. Bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri fundamental tədqiqatlar sahəsində 14 mühüm elmi nəticə əldə ediblər. Elmi müəssisələr tərəfindən təklif edilən 4 tətbiqi xarakterli iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub. Bölmənin institutları 30 Azərbaycan patenti, 33 qrant alıb.

Bildirilib ki, elmi müəssisələrdə fəlsəfə doktoru hazırlığı üzrə 45 doktorant və 56 dissertant, elmlər doktoru hazırlığı üzrə 33 doktorant və 30 dissertant təhsil alır. Bölmənin elmi müəssisələrində 24 fəlsəfə və 6 elmlər doktoru dissertasiyası müdafiə edilib, 13 iş isə müdafiəyə hazırlanıb. Hesabat ilində magistratura pilləsinə dövlət sifarişi əsasında 15 nəfər qəbul olunub.

Məlumat verilib ki, institutların əməkdaşları tərəfindən hazırlanmış 9 monoqrafiya və 1 kitab işıq üzü görüb. Habelə 258 məqalə impakt faktorlu jurnallarda yer alıb ki, bunlardan 130-u "Clarivate Analytics" bazasına daxil edilib. 488-i xaricdə olmaqla 1147 məqalə və tezis dərc olunub.

İnstitutlarda beynəlxalq elmi əlaqələr hesabat ilində də davam etdirilib, bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilib. Ölkə başçısının fərman və sərəncamları, AMEA-nın Rəyasət Heyətinin qərarları və prezidentinin sərəncamlarının icrası yüksək səviyyədə yerinə yetirilib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə Kimya Elmləri Bölməsi üzrə mühüm elmi nəticələr AMEA-nın illik hesabatına daxil edilib. Dövlət proqramlarının icrası ilə əlaqədar görülmüş işlər bəyənilib. Kimya sahəsində elmi-tədqiqat, təhsil, kadr hazırlığı və digər istiqamətlərdə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.