ELM VƏ TƏHSİL


AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni layihənin təqdimatı olub

Bakı, 18 iyul, AZƏRTAC

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Üzvi gübrələr laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Səfaləddin İsmayılovun “Vermikultivirləşdirmə ətraf mühitin sağlamlaşdırılmasının açarıdır” layihəsinin təqdimatı olub.

Tədbirdə YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov və qurumun əməkdaşları iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, layihənin müəllifi vermikultivirləşdirmə texnologiyası barədə məlumat verib. O deyib ki, bir sıra inkişaf etmiş ölkələrdə geniş istifadə olunan texnologiyalardan yağış qurdları vasitəsilə müxtəlif növ üzvi tullantılar emal olunur və nəticədə yüksək keyfiyyətli ekoloji təmiz üzvi gübrələr alınır. Qırmızı Kaliforniyada yağış qurdları vasitəsilə kağız, meyvə-tərəvəz çürüntüləri, ağac kəpəyi, saman, xəzəl, məişət tullantıları emal olunur. Həmin qurdların fəaliyyəti nəticəsində üzvi gübrə - biohumus alınır. Görkəminə görə biohumus qəhvəyi-qara, iysiz bioloji üzvi maddədir. Biohumus təbii xammaldan alınır, kimyəvi əlavələri yoxdur, zəhərləyici deyil, torpaqda humusun tərkibini artırır, qida maddələrinin yuyulmasının qarşısını alır, torpağın fiziki-kimyəvi xassələrini yaxşılaşdırır. Eyni zamanda, zərərli duzların, fitotoksik elementlərin təsirini azaldır, torpağın canlanmasını təmin edir, onun mikroflorasını sintezləşdirir və hər hansı üzvi gübrədən 8-10 dəfə təsiredicidir.

Alim müasir dövrdə yağış qurdlarının artırılmasının ABŞ, İtaliya, Yaponiya, Belçika, Polşa, Fransa və digər ölkələrdə, o cümlədən MDB respublikalarında inkişaf etdiyini diqqətə çatdırıb və biohumusun kənd təsərrüfatında istifadəsinin yüksək səmərə verdiyini vurğulayıb.

Sonda S.İsmayılov YT Parkın patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin əməkdaşlarının suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.