ELM VƏ TƏHSİL
AMEA-nın professorlarının koordinasiya şurasının ilk iclası keçirilib
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın professorlarının koordinasiya şurasının ilk iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə elm və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsinin şuranın əsas fəaliyyət prinsiplərindən biri olduğunu deyib.
A.Əlizadə bildirib ki, AMEA-nın professorları akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirak etməlidirlər. Onlar öz fəaliyyətlərində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməli, gənc kadrların hazırlanmasında, tədris prosesində elmi nailiyyətlərin təbliğində, habelə gənclərin elmə marağının artırılması istiqamətində fəal çalışmalıdırlar. AMEA-nın professorlarının akademiyada magistrantların yüksəksəviyyəli mütəxəssis kimi yetişməsində rolu vurğulanıb.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd edib ki, “AMEA-nın professoru” elmi adının yaradılması akademiya tarixində mühüm hadisədir. O, AMEA-nın professorlarının akademiyanın gənc alimləri ilə birgə elmi aktual mövzulu tədbirlərin təşkilində, eləcə də XXI əsrdə elmin qarşısında duran prioritet vəzifə və tələblərə uyğun dissertasiya mövzuları seçilməsində yaxından iştirakının məqsədəuyğun olduğunu vurğulayıb.
Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın professorlarının akademiyanın magistrantları üçün məsləhət saatları keçirməsinin zəruriliyini qeyd edib. Bildirib ki, AMEA-nın elmi müəssisələrində magistratura təhsilində keyfiyyətin yüksəldilməsinə AMEA-nın professorları öz töhfələrini verə bilərlər. Bu da magistratura təhsili almaq istəyən gənclərin AMEA-ya daha böyük maraq göstərməsinə imkan yaradacaq.
Daha sonra iclas AMEA-nın professorlarının çıxışları və müzakirələrlə davam edib. Müzakirələrdə AMEA-nın professorlarının iştirakı ilə kadr hazırlığı, magistrantlar üçün qrant müsabiqələrinin və yay məktəblərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda şuranın fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.