CƏMİYYƏT
ANAMA: Ramana qəsəbəsində qumbaralar və partladıcılar aşkarlanıb
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də saat 10:36-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Bakı Şəhər Baş Polis İdarəsinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis idarəsinin əməkdaşları ərazidə məcburi köçkünlər üçün tikilməkdə olan yaşayış sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində dörd ədəd F-1 əl qumbarası, bir ədəd RQ-42 əl qumbarası, beş ədəd UZRQM partladıcısı və bir ədəd partlamış UZRQM partladıcısı aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaraların və partladıcıların tapıldığı yerin ətrafında 250 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.